MƏDƏNİYYƏT
Vendel Svan: Azərbaycan xalçaları öz özəllikləri ilə seçilir
Bakı, 18 oktyabr, AZƏRTAC
V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsini yüksək qiymətləndirirəm. Qədim xalçaçılıq sənətinin bu ölkədə yaşadılması və dünyada təbliğ edilməsi olduqca əlamətdardır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İCOC-un İcraiyyə Komitəsinin sədri Vendel Svan deyib.
Azərbaycanda xalçaçılıq sənətinin qədimliyindən danışan qonaq deyib: "Dünyanın əksər ölkələrinin muzeylərində Azərbaycana xas xalçalar saxlanılır. Onların hər biri bir tarixdir. Xalçaçılıq sənəti ilə məşğul olanlar bilirlər ki, Azərbaycan xalçaları öz özəllikləri ilə seçilir. Ölkənizdə bu sahənin inkişafına diqqət var. Ümumiyyətlə bu coğrafiyada qədimdən xalçaçılığa xüsusi önəm verilib. Bu gün belə bir tədbirin Bakıda təşkil edilməsi də əbəs deyil. Çox şadam ki, Azərbaycanın ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə iştirak edirəm. Simpozium, eyni zamanda bu sahənin mütəxəssislərini bir araya gətirib. Burada müvafiq sahə üzrə müzakirələr aparılacaq, seminarlar təşkil ediləcək. Ümid edirəm ki, simpozium nəyinki Azərbaycan, həm də iştirakçı ölkələr üçün faydalı olacaq".