Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər qeyd etmişlər ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Azərbaycanın informasiya blokadasına alındığı həmin vaxtda ümummilli lider Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Moskva şəhərindəki Azərbaycan nümayəndəliyinə gələrək haqq səsimizi dünya ictimaiyyətinə çatdırmış, xalqının yanında olduğunu bir daha sübut etmişdir. Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət də yalnız ulu öndərin yenidən hakimiyyətə qayıtmasından sonra verilmişdir.
Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrini daim diqqətdə saxlayır, onların ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə bağlı konkret tədbirlər həyata keçirir.
Tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində təşkil edilmiş 20 Yanvar faciəsindən bəhs edən kitab və fotoşəkil sərgisi ilə tanış olmuşlar.