ORDU
Vətən müharibəsinin xronikası: 4 noyabr
Bakı, 4 noyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
4 noyabr - müharibənin 39-cu günü
• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.
• Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.
• Döyüş əməliyyatları müxtəlif intensivliklə cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, iki T-72 tankı, üç D-30 topu, “Zastava M-55” zenit qurğusu, bir taktiki PUA-sı, üç hərbi yük maşını sıradan çıxarılıb.
• Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində hücuma cəhd edən düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkilib. Ermənistan hərbi birləşmələrinin alay komandiri, tabor komandiri, snayper qrupu məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Ermənistan silahlı qüvvələrinin “M-55” zenit qurğusu dəqiq atəşlə vurulub.
• Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı diversiya cəhdinin qarşısı alınıb.
• Ermənistan ordusunun təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2 min 734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• AZƏRTAC-ın müxbiri düşmənə gözdağı olan topçumuz Vüsal Şahkərimovun ailə üzvləri ilə görüşüb, qəhrəmanın anası, babası və atası ilə söhbətləşib.
• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Tərtər rayonunun Səhləbad, Ağcabədi rayonunun Qaraxanlı, Ağdam rayonunun Böyükbəyli kəndlərində çəkilişlər aparıb, sakinlərlə həmsöhbət olublar.