Vətəndaşların işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Qəbulda iştirak edən məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Görüşdə iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.