Veteran futbolçu: “Neftçi” son oyunda məğlubiyyətə layiq deyildi
Bakı, 14 fevral, AZƏRTAC
“Bu tur maraqlı və bol qollu keçdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarını şərh edərkən deyib.
46 yaşlı mütəxəssis turun ən maraqlı matçının “Qarabağ” və “Sabah” (3:3) komandaları arasında olduğunu bildirib: “Ağdam klubu bu matçda öz oyun üslubuna sadiq qaldı. Qısa ötürmələrlə daha çox hücum etməyə cəhd göstərirdi. “Sabah” isə daha diqqətli mübarizə aparırdı. Hakimin penalti qərarları doğru idi. Matçın sonlarına doğru hər kəs bakılıların bu görüşdən üç xalla ayrılacağını düşünürdü. Sadəcə, son dəqiqələrdə qapıçının səhvi nəticəsində görüş heç-heçə ilə yekunlaşdı”.
Veteran futbolçu “Səbail”in “Kəpəz”ə təcrübə hesabına qalib gəldiyini söyləyib: “Adil Şükürovun komandası son turlar yaxşı formadadır. Hiss olunur ki, komandada dəyişiklik var. Gəncə təmsilçisi rəqibin səhvindən istifadə edərək hesabda önə keçməyi bacardı. “Səbail”in də ilk yarıda bəzi epizodları oldu. Sadəcə, qapıçının etibarlı oyunu və zərbələrin düzgün alınmaması hesabın bərabərləşməyinə icazə vermədi. İkinci hissədə “Səbail”in üstün oynaması matçın taleyinə təsir etdi”.
F.Məmmədovun sözlərinə görə, “Zirə” - “Sumqayıt” matçı qolsuz başa çatsa da, meydanda maraqlı mübarizə gedib: “Hər iki komanda qalib gəlmək üçün çox ağıllı hücumlar qururdu. Xüsusilə “Zirə”nin ifasında bunun şahidi olduq. Futbolçular mübarizədən çəkinmirdilər. Görüşün sonlarında bakılıların qol vurmaq şansı var idi. Bundan yararlana bilsəydilər, qələbə qazana bilərdilər. Düşünürəm ki, matçın ədalətli nəticəsi elə heç-heçə idi”.
O, “Turan Tovuz” - “Qəbələ” (2:1) qarşılaşmasında meydan sahiblərinin layiqli qələbə qazandığını vurğulayıb: “Kəpəz”in məğlub olması “Qəbələ” üçün fürsət idi. Lakin “qırmızı-qaralar” bundan yararlana bilmədilər. Elmar Baxşıyevin kollektivi istənilən rəqibə qarşı ciddi mübarizə aparır və heç vaxt öz oyun üslubundan əl çəkmir. Tovuzdakı görüşdə də bunu gördük. “Turan Tovuz” isə daha kəsərli hücumlar quraraq layiqli qələbə qazandı”.
Son olaraq, “Araz-Naxçıvan” - “Neftçi” (1:0) oyunu barədə danışan F.Məmmədov “ağ-qaralar”ın məğlubiyyətə baxmayaraq yaxşı çıxış etdiyini əlavə edib: “Miodraq Bojoviç Bakı klubuna baş məşqçi təyin olunduqdan sonra komandanın oyun üslubunda müsbət dəyişiklik hiss olunur. “Ağ-qaralar” qısa ötürmələrlə rəqib qapısına yaxınlaşmaq istəyir. Görüş ərzində qol epizodları oldu. “Araz-Naxçıvan”ın əzmkar mübarizəsi rəqibin fərqlənməsinin qarşısını aldı. Bu oyunda naxçıvanlılar qələbə qazansalar da, hesab edirəm ki, matçın ədalətli nəticəsi heç-heç idi”.