İDMAN
Veteran futbolçu: “Neftçi”nin zəif çıxışı ölkə çempionatındakı rəqabəti azaldır
Bakı, 18 sentyabr, AZƏRTAC
“Neftçi”ni bu vəziyyətdə görmək məyusedici haldır. Çünki bu komanda daim yaxşı yerlərdə olmağa layiqdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu, müxtəlif illərdə iki dəfə “Neftçi”nin formasını geyinmiş Elnur Allahverdiyev sabiq komandasının Misli Premyer Liqasına uğursuz start verməsi barədə danışarkən deyib.
O, tez-tez məşqçi dəyişikliklərinin komandaya mənfi təsir etdiyini bildirib: “Roman Qriqorçuk təcrübəli və uğurlara imza atmış məşqçidir. “Qəbələ”də işlədiyi dönəmdə komandanı ardıcıl iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmağı bacarıb. Lakin “Neftçi” fərqli camiədir. Burada işləmək çox çətindir. Hazırda futbolçular meydanda keyfiyyətli oyun nümayiş etdirmirlər”.
Vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş veteran müdafiəçi “Neftçi”yə cəlb olunan bəzi futbolçuların ümidləri doğrultmadığını vurğulayıb: “Bəzi legionerlər komandanın səviyyəsinə uyğun deyil. Bizim oynadığımız dönəmdə çox fərqli və güclü heyət var idi. İndiki futbolçularda isə istək çox azdır. Bura yerli futbolçular da daxildir. Roman Qriqorçukda isə günah görmürəm. “Neftçi”nin zəif çıxışı ölkə çempionatındakı rəqabəti azaldır”.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonda topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.