İDMAN
Veteran futbolçu: “Qarabağ”ın Portuqaliyada istədiyi nəticəni əldə edəcəyinə inanıram
Bakı, 13 fevral, AZƏRTAC
“Qarabağ”ın səfər oyununda istədiyi nəticəni əldə edəcəyinə inanıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Vaqif Cavadov sabiq komandası “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”ya qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
Azərbaycan millisinin keçmiş hücumçusu hazırda Ağdam təmsilçisinin yaxşı formada olduğunu bildirib: “Hər bir komanda oyunlara müxtəlif planlarla hazırlaşır. Qurban Qurbanov “Sabah”la matçdan sonra komandanın yaxşı formada olmadığını deyib. Lakin Ağdam klubunun hücumçuları yüksək səviyyədədir. “Sabah”la son iki oyunda buraxılan 7 qola baxmayaraq, komandanın “Braqa” ilə qarşılaşmalara tam fərqli hazırlaşacağına və müdafiədə səhvlərin təkrar olunmayacağına ümid edirəm. Rəqib də yerli çempionatın son turunda Lissabon “Sportinq”inə 0:5 hesabı ilə uduzub. Onlar da istənilən nəticəni əldə edə bilmirlər. Bizi gərgin və maraqlı görüş gözləyir”.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.