Videodərslər portalının imkanları genişləndirilir
Bakı, 24 may, AZƏRTAC
Təhsilalanlar üçün əlavə tədris materialları təqdim edən videodərslər portalının (www.video.edu.az) imkanları gündən-günə təkmilləşdirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda portalda məktəbəhazırlıq, ümumi təhsil, peşə təhsili, məktəbdənkənar fəaliyyət üzrə teledərslər, peşəkar müəllimlərin videodərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə videodərslər, “Khan Academy” dərsləri olmaqla, ümumilikdə 6 min 367 ədəd videomaterial var. Bu tədris ili üzrə 2 min 200 ədəd “Khan Academy” dərslərinin Azərbaycan dilinə tərcümə edilərək portala yerləşdirilməsi və müxtəlif mövzuları əhatə edən 261 ədəd peşəkar videodərs izahlarının hazırlanması istiqamətində işlər aparılır.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi televiziya kanallarında yayımlanan teledərslər gündəlik olaraq videoportala yerləşdirilir və təhsilalanlar portal vasitəsi ilə bu dərsləri istənilən vaxt təkrar izləmək imkanından faydalana bilirlər. Portalda videodərs materialları yerli və xarici peşəkar müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır. Təhsilalanların daha effektiv istifadəsi üçün videodərslər qiymətləndirmə materialları, qrafika, 3D animasiyalar və digər multimedia vasitələri ilə zənginləşdirilir. Nəticədə, istifadəçilər videodərs zamanı təqdim edilən vizual materiallar ilə mövzunu daha yaxşı mənimsəyir və dərsi bitirdikdən sonra təqdim edilən test tapşırıqları ilə biliklərini yoxlaya bilirlər.
Portal dərs zamanı müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər üçün bütün fənn və siniflər üzrə geniş məzmun bazası rolunu oynayır. Belə ki, şagirdlər öz sürətlərinə uyğun videodərsləri izləyə, məşq edə, mövzulardakı boşluqlarını doldura və öyrənmə müddətlərini özləri təyin edə bilirlər.
Peşə təhsili üzrə 39 ixtisas və 7 baza modulu üzrə 296 videodərs hazırlanaraq portala yerləşdirilib ki, bu da öz növbəsində tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Bu dərslərdən peşə məktəblərində təhsil alan tələbələr, tədris aparan müəllimlər, həmçinin təqdim edilən ixtisaslar üzrə bacarıq və vərdişlərini artırmaq istəyən istənilən şəxs faydalana bilər.
Portalda dərs mövzuları ilə yanaşı, təhsilalanların maraq dairələrinə uyğun rəqs, rəsm, yaradıcılıq, robot texnologiyaları kimi müxtəlif sahələr üzrə videomateriallar təqdim edilir. Eyni zamanda, ayrıca bölmə olaraq, STEAM üzrə videodərslər yerləşdirilib. STEAM dərsləri uşaqlarda elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat üzrə tənqidi düşünmə, araşdırma və kommunikasiya bacarıqlarını inkişaf etdirir.
Portaldan kompüter, notbuk, planşet və ya mobil telefon vasitəsi ilə istifadə etmək mümkündür. İstifadəçilər izləmək istədikləri videodərs mövzularını sürətli axtarış sistemi vasitəsi ilə rahatlıqla tapa bilərlər.
Xatırladaq ki, 2011-ci ildən fəaliyyət göstərən portalın məqsədi interaktiv texnologiyaların tətbiqi yolu ilə istənilən vaxt və məkanda təhsilin əlçatanlığını təmin etməkdir.