“Vikipediya”nın ingilis dilində olan bölməsində Azərbaycana aid məqalələr təkmilləşdirilir
Bakı, 13 oktyabr, AZƏRTAC
“Vikipediya”nın xarici dil bölmələrində məqalələrin yeni faktlarla zənginləşdirilməsi və sayının artırılması daim diqqət mərkəzində olmalıdır. Çünki xaricilər ölkəmiz haqqında istənilən informasiyanı əldə etmək üçün “Vikipediya”ya müraciət edirlər. Onlayn ensiklopediyada bu məlumatlar zəngin olmalıdır ki, ölkəmiz haqqında dolğun və etibarlı informasiya əldə etmək mümkün olsun.
Bunu AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, son bir neçə ayda “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və klubun ekspertləri Ayxan Zayıdzadə, Qulamhüseyn Məmmədov tərəfindən müxtəlif dillərdə məqalələrin yaradılması prosesi davam etdirilir. Belə ki, könüllülər tərəfindən onlayn ensiklopediyanın ingilis dilindəki bölməsində “İrəvanda məşhur Sərdar sarayı”, “Kərbəlayi İsrafil Hacıyevin evi”, “Azərbaycanlıların Ermənistandan deportasiyası (1948-1953-cü illər)”, “Hacı Sultanəli məscidi”, “Şah Abbas məscidi (Keşlə)” adlı məqalələr yaradılıb və əsaslı redaktə olunub.
Vurğulanıb ki, “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycana aid məqalələrin zənginləşdirilməsi sistemli xarakter daşıyacaq. Prosesdə tərcüməçilər və “Vikipediya” ekspertləri iştirak edirlər.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.