Vişeqrad qrupu GUAM ilə əlaqələrə xüsusi önəm verir
Tbilisi, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Tbilisidə Vişeqrad qrupu ölkələri ilə Gürcüstan arasında iqtisadi əlaqələrin perspektivlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vişeqrad qrupu ölkələri - Macarıstan, Polşa, Slovakiya və Çexiya ilə Gürcüstan arasında iqtisadi əlaqələrin perspektivləri, azad ticarət zonalarının yaradılması, Gürcüstandan keçən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyəti və s. məsələlər müzakirə olunub. Çıxışlarda Vişeqrad qrupu ölkələri ilə digər təşkilatlar arasında münasibətlərin genişləndirilməsi də diqqət mərkəzində olub.
Tədbirin aparıcısı, Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze AZƏRTAC-a müsahibəsində deyib ki, Gürcüstan həm də GUAM-ın üzvüdür. Vişeqrad qrupu GUAM ilə əlaqələrə xüsusi önəm verir. Gürcüstanın Vişeqrad qrupu ilə əməkdaşlığı GUAM ölkələri üçün körpü olacaq: “İnanıram ki, yaxın gələcəkdə Vişeqrad qrupu ölkələri ilə GUAM ölkələri arasında əlaqələr siyasi, iqtisadi, mədəni, ticarət və digər sahələri əhatə edəcək. Bu, bizim ölkələrimiz və xalqlarımız üçün vacibdir”.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, bu cür tədbirlərin təşkili təkcə Gürcüstan üçün deyil, bütün ölkələr üçün əhəmiyyətlidir. Azərbaycan GUAM-ın yaradıcılarından biridir və bu təşkilatın daha da genişlənməsində maraqlıdır. Azərbaycan Vişeqrad qrupu ölkələri ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq siyasi, ticari-iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsində mühüm rol oynayır.
“İnanırıq ki, ikitərəfli əlaqələrimiz GUAM ilə Vişeqrad qrupu arasında da münasibətlərin genişlənməsinə və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək”, - deyə səfir D.Həsənov vurğulayıb.
Konfransda Gürcüstandan keçən regional enerji, infrastruktur və nəqliyyat layihələrinin əhəmiyyəti xüsusi qeyd olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun, neft və qaz kəmərlərinin Avropa ilə Asiya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində, enerji təhlükəsizliyində mühüm rol oynadığı, xalqlarımızın rifah halının yüksəlməsinə xidmət etdiyi qeyd olunub.
Konfransda Vişeqrad qrupu ölkələrinin nümayəndələri ilə yanaşı, beynəlxalq iqtisadi və maliyyə qurumlarının təmsilçiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi