VLADİMİR PUTİN MDB LİDERLƏRİNƏ TƏBRİKLƏRİNDƏ 2006-CI İLDƏ TƏRƏFDAŞLIĞIN İNKİŞAF EDƏCƏYİNƏ ƏMİNLİYİNİ BİLDİRMİŞDİR
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə əmin olduğunu vurğulamışdır ki, Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr və səmərəli əməkdaşlıq iki ölkənin rifahı, Qafqazda sabitlik və təhlükəsizlik naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.
Rusiya lideri gürcü həmkarı Mixail Saakaşviliyə müraicət edərək, ümidvar olduğunu bildirmişdir ki, 2006-cı il Rusiya və Gürcüstan xalqlarının rifahı naminə iki ölkənin münasibətlərində müsbət dəyişikliklərlə əlamətdar olacaqdır.
Putin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrikində RF ilə Qazaxıstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin Avrasiya məkanında sülh, sabitlik və təhlükəsizlik naminə möhkəmlənəcəyinə əmin olduğunu ifadə etmişdir.
Rusiya rəhbəri türkmən həmkarı Saparmurad Niyazova məktubunda əminliyini bildirmişdir ki, iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətləri qarşılıqlı surətdə faydalı əməkdaşlıq hərtərəfli şəkildə daha da inkişaf edəcəkdir.
Putin Ukrayna Prezidenti Viktor Yuşşenkoya təbrikində Rusiya ilə Ukrayna arasında əməkdaşlığın qarşılıqlı etimad əsasında daha da genişlənəcəyinə, 2006-cı ilin iki qardaş dövlətin xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsi ili olacağına əminliyini vurğulamışdır.
Rusiya Prezidenti digər MDB ölkələrinin rəhbərlərinə təbriklərində də onların ölkələri ilə əməkdaşlığın, dostluğun daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirmişdir.