Vyanada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Vyana, 21 yanvar (AZƏRTAC). Vyanada yerləşən və Azərbaycan icmasına məxsus “Əl-Mehdi” məscidində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində tutduğu önəmli yerdən bəhs etmişdir. Bildirmişdir ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqının tarixində ağrılı və matəm dolu gün olsa da, bu qanlı faciə ölkəmizin müstəqillik əldə etməsi yolunda şərəfli bir səhifəyə çevrilmişdir.
Diplomat demişdir ki, həmin hadisələrdə həlak olan qəhrəman oğul və qızlar Azərbaycanın istiqlaliyyətə qovuşması üçün gedən mübarizədə həlledici rol oynamış, təpədən-dirnağadək silahlanmış sovet ordusu qarşısına əliyalın çıxan insanların mətanəti qəhrəmanlıq salnaməsinə çevrilmiş, xalqımızın azadlıq yolunda əzmkarlığına nümunə olmuşdur. Xalqı qorxutmağa, azadlıq mübarizəsindən çəkindirməyə hesablanmış qanlı faciəni törətməklə o vaxtkı SSRİ rəhbərliyi öz məqsədinə çata bilməmiş, əksinə, bu addımla Azərbaycan xalqının istiqlaliyyət mücadiləsinə daha da təkan vermiş, prosesi sürətləndirmişdir.
Sonra mərasimdə 20 Yanvar şəhidlərinin, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş oğul və qızlarımızın ruhuna Quran oxunmuş, ehsan süfrəsi açılmışdır.
Səfirliyin Sloveniyada yerləşən nümayəndəliyi 20 Yanvar hadisələri ilə bağlı mətbuat məlumatı yaymışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana