VYANADA AZƏRBAYCAN-AVSTRİYA HÖKUMƏTLƏRARASI QARIŞIQ KOMİSSİYASININ BEŞİNCİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 7-də Vyanada Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın beşinci ümumi iclası keçirilmişdir.
Komissiyanın işində Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini, səfir Xələf Xələfov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, səhiyyə nazirinin müavini Sənan Kərimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Bankın, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin ekspertləri daxil idilər.
Avstriya tərəfindən iclasda Federal Kansler Aparatı, Federal Xarici İşlər, İqtisadiyyat və Əmək, Kənd və Meşə Təsərrüfatı, Ekologiya və Su Təsərrüfatı, Maliyyə nazirliklərinin, Avstriya İqtisadiyyat Palatasının, Ştiriya federal əyalətinin rəsmi təmsilçiləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən və ölkəmizə marağı olan bir çox Avstriya şirkət və təşkilatları, iş adamları iştirak etmişlər.
İclasa Azərbaycan tərəfindən komissiyanın həmsədri Heydər Babayev, Avstriya tərəfindən Avstriya Federal İqtisadiyyat və Əmək Nazirliyinin xarici iqtisadi əlaqələr üzrə Baş direktoru, komissiyanın həmsədri Yohan Zaxs sədrlik etmişlər.
Hər iki ölkə arasında ticarət dövriyyəsi və iqtisadi əlaqələr haqqında məlumat verən tərəflər dördüncü iclasdan sonrakı dövrdə həm ticarət, həm də digər sahələrdə əlaqələrin dərinləşdiyini vurğulamışlar. Qeyd edilmişdir ki, 2006-cı illə müqayisədə 2007-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 15,5 faiz, ötən on ildə isə on dəfə artmışdır.
Heydər Babayev iclasda çıxış edərək, Azərbaycanın mövcud sosial-iqtisadi vəziyyəti, əldə olunmuş uğurlar və perspektiv barədə məlumat vermişdir. Bildirmişdir ki, ölkə rəhbərliyinin yürütdüyü uğurlu iqtisadi siyasət və islahatlar sayəsində Azərbaycan bu gün ümumi daxili məhsulun artım sürətinə görə dünyada, adambaşına düşən investisiyaların həcminə görə isə MDB məkanında birincilər sırasındadır. İqtisadi islahatlar nəticəsində 2007-ci ildə ümumi daxili məhsul 25 faiz artmış, ayrı-ayrı sahələrə təqribən 8 milyard ABŞ dolları həcmində investisiya yatırılmış, dünyanın 140-a yaxın ölkəsi ilə ticarət əməkdaşlığı həyata keçirilmişdir. Son 4 il ərzində iqtisadiyyatın həcmi 96 faiz - təxminən 2 dəfə artmış və 650 mindən artıq yeni iş yeri açılmışdır.
Sonra tərəflər bank işi və qiymətli kağızlar, sənaye və energetika, kənd təsərrüfatı, təbiət və ətraf mühitin mühafizəsi, ətraf mühit texnologiyaları, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etmiş, hər iki ölkənin potensialını əks etdirən təqdimatlar keçirmiş, regional əməkdaşlıq və digər sahələr üzrə imkanları araşdırmışlar.
İclas zamanı Avstriya İnkişaf Agentliyi sərmayələr, Berç-Laska şirkəti kənd təsərrüfatı, Avstriya Enerji Agentliyi və Berç Holdinq MMC təbiət və ətraf mühitin mühafizəsi, ətraf mühit texnologiyaları, VAMED Engeneering MMC və Askin & Co şirkətləri isə səhiyyə avadanlıqları və səhiyyə müəssisələrinin təchizatı üzrə fəaliyyətləri və Azərbaycanla əməkdaşlıq imkanları barədə məlumat vermiş, qarşı tərəfi maraqlandıran sualları cavablandırmışlar.
Sonda tərəflər Qarışıq Komissiyanın növbəti - altıncı iclasının Azərbaycan Respublikasında keçirilməsi haqqında razılığa gəlmişlər.
İclasdan sonra Avstriya Federal İqtisadiyyat və Əmək Nazirliyinin yerləşdiyi Hökumət Evinin “Mərmər salon”unda Qarışıq Komissiyanın beşinci iclasının protokolu imzalanmışdır.
Qeyd edək ki, hökumətlərarası Qarışıq Komissiyanın işində iştirak edən Azərbaycan nümayəndə heyəti mayın 8-9-da Avstriyanın Ştiriya əyalətində olacaq, əyalət parlamentinin (Landhaus) prezidenti Ziqfrid Şrittvizer ilə görüşəcək, həmçinin bu əyalətdə fəaliyyət göstərən yerli müəssisələrlə, Avstriya regionlarının iqtisadi inkişafı ilə yaxından tanış olacaqdır.