VYANADA MÜASİR DÜNYADA İSLAMIN ROLU HAQQINDA KONFRANS KEÇİRİLİR
Onun sözlərinə görə, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında dialoq təkcə alim və ekspertlər səviyyəsində deyil, həm də əhalinin ən geniş təbəqələrinin iştirakı ilə getməlidir. Avropada yaşayan müsəlmanlar, habelə islama etiqad edən yeni immiqrantlar özgünlüklərini yeni ictimai şəraitdə qoruyub saxlamağa ümid etmək üçün tam hüquqa malikdirlər. Onlara işə düzəlmək və təhsil almaq, habelə sosial və siyasi həyatda bərabər hüquqla iştirak etmək imkanı verilməlidir.
Avstriya Prezidenti hesab edir ki, Avropa dövlətlərinin milli siyasəti dini azlıqların nümayəndələrinin assimilyasiyasına deyil, ilk növbədə, inteqrasiyasına yönəldilməlidir. Bununla əlaqədar o, immiqrantlar üçün ərazi seqreqasiyası və bir növ gettolar yaradılması cəhdlərinin əleyhinə olduğunu açıqlamışdır. İmmiqrantlar da, öz növbəsində, qanun-qaydanı gözləməli və demokratik plüralizm prinsiplərinə hörmətlə yanaşmalıdırlar.
Avstriyanın xarici işlər naziri Ursula Plassnikin təşəbbüsü ilə təşkil olunmuş “İslam plüralist dünyada” konfransı üç gün sürəcəkdir. Forumda İraq Prezidenti Cəlal Tələbani, Əfqanıstan Prezidenti Həmid Kərzai, İranın sabiq Prezidenti Məhəmməd Xatəmi, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, Ümumdünya patriarxı I Varfolomey və başqaları məruzə edəcəklər. Məruzələrin əsas mövzuları müsəlman və xristian dünyasında şəxsiyyətin rolu, habelə hər iki konfessiya nümayəndələrinin dinc yanaşı yaşaması və onların arasında mədəni dialoq aparılması ilə bağlıdır.