Vyetnam ictimaiyyəti Ermənistan ordusunun cəbhə xəttindəki təxribatları barədə məlumatlandırılıb
Hanoy, 7 aprel, AZƏRTAC
Ermənistan öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalı, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.
Bu fikri Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar Hanoyda keçirdiyi mətbuat konfransında deyib.
Vyetnamın üç televiziya kanalının, o cümlədən dövlət televiziyasının, bir sıra çap və elektron media nümayəndələrinin iştirak etdikləri mətbuat konfransında səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışıb. O, aprelin 2-5-də Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdəki yaşayış məntəqələrini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu və yaralandığını, eləcə də mülki obyektlərin dağıldığını bildirib.
Hazırda atəşkəsin bərpa olunduğunu diqqətə çatdıran diplomat Vyetnam jurnalistlərini münaqişə ilə bağlı reportajlar hazırlayarkən diqqətli olmağa çağırıb, xəbər və məqalələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qeyd olunmasının və Vyetnam ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə doğru məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.
Mətbuat konfransı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki obyektlərini hədəfə aldığını əks etdirən video və fotolar nümayiş etdirilib.
Jurnalistlərin suallarını cavablandıran səfir münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib.
Mətbuat konfransının nəticəsi olaraq Vyetnam Dövlət Televiziyasının, “Nhan Danh” və Hanoy televiziyalarının, bir çox qəzet və xəbər saytlarının, o cümlədən “Dan tri” qəzetinin mövzu barədə reportaj və xəbərlərində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi haqqında faktlar əksini tapıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy