Vyetnamda karaoke barda baş verən yanğın 14 nəfərin ölümünə səbəb olub VİDEO
Pekin, 7 sentyabr, AZƏRTAC
Vyetnamın Binduonq vilayətində yerləşən karaoke barda baş verən yanğın 14 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, sentyabrın 6-da Thuanan qəsəbəsində axşam saatlarında baş verən yanğında 40 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Şahidlər alovun sürətlə gücləndiyini bildirirlər. Buna səbəb barda taxtadan hazırlanan avadanlığın və digər tezalışan materialların çoxluğu göstərilir. Bardakı adamlar xilas olmaq üçün balkonlara çıxıb, bir neçəsi 7-8 metr hündürlükdəki balkondan tullanaraq xəsarət alıb.
Hadisə yerinə 13 yanğınsöndürən briqada gəlib. Təxminən 40 dəqiqə ərzində yanğın lokallaşdırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin