WUF13 iştirakçısı: Müasir dövrdə şəhərlər mürəkkəb və çoxşaxəli çağırışlarla üz-üzədir
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın qlobal şəhərsalma gündəmində oynadığı ən mühüm rol məhz WUF13 və bu kimi mötəbər platformalarda beynəlxalq görüş və müzakirələrə ev sahibliyi etməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Meksikada Qvadalaxara Şəhər Elmi Laboratoriyasının direktoru Sergio Roldan Gutierrez deyib.
O bildirib ki, müasir dövrdə şəhərlər təşkilatlanma və idarəetmə baxımından mürəkkəb və çoxşaxəli çağırışlarla üz-üzədir.
Ekspertin sözlərinə görə, Bakı kimi dinamik inkişaf edən şəhərlər üçün beynəlxalq təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir: “Belə platformalar şəhərlərin yalnız öz daxilində deyil, qlobal şəbəkə daxilində düşünməsinə imkan yaradır. Müxtəlif ölkələrdən olan mütəxəssislərin, urbanistlərin və qərarvericilərin bir araya gəlməsi yeni ideyaların formalaşmasına və daha effektiv idarəetmə modellərinin tətbiqinə şərait yaradır”.