Azərbaycan komandası Astanada futbol turnirində kubok uğrunda mübarizə aparacaq
Astana, 20 may, AZƏRTAC
Qazaxıstan paytaxtında Astananın etnomədəni mərkəzləri arasında “İdman millətin sağlamlığıdır” minifutbol turniri keçiriləcək. Turnirdə “Xəzər” Azərbaycanlıların Etnomədəni Assosiasiyasının komandası da iştirak edəcək.
Bu barədə AZƏRTAC-a “Xəzər” Azərbaycanlıların Etnomədəni Assosiasiyasının sədri Mahir Rzayev məlumat verib.
Onun sözlərinə görə, komanda hazırda məşq edir və qarşıdan gələn yarışa hazırlaşır. İbrahim Səttarov komandanın kapitanıdır.
Qazaxıstan Xalqı Assambleyası hər il may-iyun aylarında bu cür turnirlər keçirir. Yarışda paytaxtdakı müxtəlif etnomədəni birlikləri təmsil edən təxminən 12 komanda iştirak edəcək.
“Turnirdə alman, qırğız, uyğur, tacik, özbək, vaynax və digər etnomədəni birliklərdən komandalar iştirak edəcək. Oyunlar iki gün ərzində Astanada keçiriləcək”, - deyə Mahir Rzayev bildirib.
O qeyd edib ki, “Xəzər” Azərbaycanlıların Etnomədəni Assosiasiyasının komandası bir neçə ildir ki, bu turnirdə iştirak edir. Komanda 12 idmançıdan ibarətdir.
“Hər il heyət qismən, təxminən 30-40 faiz yenilənir. Biz, əsasən, gəncləri cəlb etməyə çalışırıq. Komandada bir neçə perspektivli oyunçu var. Turnirdə iştirakın əsas məqsədi gənclərin idman fəaliyyətini inkişaf etdirmək və komanda birliyini gücləndirməkdir”, - deyə M.Rzayev vurğulayıb.
O, Azərbaycan komandasının bu il uğur qazanmaq üçün yaxşı şansı olduğuna əminliyini bildirib və əlavə edib: “Düşünürəm ki, bu il qalib gəlməliyik. Ən azından ilk üçlükdə yer almağı gözləyirik, amma qalib gəlmək üçün çox çalışacağıq”.