Rəsul Yusibov: UNEC-in WUF13-də təmsil olunması akademik əhəmiyyət kəsb edir
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkə üçün xüsusi aktuallıq daşıyır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, dayanıqlı şəhərsalma konsepsiyaları, “smart city” və “smart village” yanaşmaları, yaşıl enerji həlləri və yeni nəqliyyat əlaqələrinin qurulması bu istiqamətdə yeni inkişaf modelinin formalaşdığını göstərir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası deyil, eyni zamanda, dayanıqlı şəhər və icmaların qurulması istiqamətində praktik yanaşma kimi diqqət çəkir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici əlaqələr şöbəsinin müdiri Rəsul Yusibov bildirib. O qeyd edib ki, Qubadlı şəhəri üzrə hazırlanan master-plan 330 hektar ərazini əhatə edir və gələcəkdə təxminən 14 min sakinin yaşayacağı regional mərkəz kimi nəzərdə tutulur. Layihə “sponge city” və “15 dəqiqəlik şəhər” konsepsiyaları əsasında hazırlanıb. Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, bu layihə BMT təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıqda beynəlxalq tenderin qalibi olan İsveçrənin “SA Partners” şirkəti tərəfindən hazırlanır. Master-plan Azərbaycanın xalis sıfır emissiya və dayanıqlılıq hədəflərinə uyğun olmaqla BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirir.
Bu çərçivədə UNEC-in WUF13-də təmsil olunması akademik və elmi baxımdan xüsusu əhəmiyyət kəsb edir. Universitetdə Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində aparılan tədqiqatlar, xüsusilə SDG 11 – “Dayanıqlı şəhərlər və icmalar” hədəfi üzrə elmi fəaliyyətlər diqqət çəkir. Scopus bazasının statistik göstəricilərinə əsasən, UNEC əməkdaşlarının SDG 11 istiqaməti üzrə 155 elmi nəşri mövcuddur. Həmin tədqiqatlar əsasən şəhər inkişafı, iqlim dəyişiklikləri, urban transformasiya və dayanıqlı infrastruktur sahələrini əhatə edir və universitetin qlobal elmi gündəliyə töhfəsini nümayiş etdirir. Müasir şəhərsalma artıq yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu yanaşma iqtisadi inkişaf, texnologiya, yaşıl enerji, nəqliyyat inteqrasiyası və insan mərkəzli siyasətlərin vahid sistem daxilində formalaşdırılmasını tələb edir.