RƏSMİ XRONİKA
XAÇMAZ MODUL TİPLİ ELEKTRİK STANSİYASININ AÇILIŞ MƏRASİMİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Xaçmaz rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Sonra Xaçmaz şəhərində modul tipli elektrik stansiyasının açılışı münasibətilə təntənəli mərasim keçirildi.
87 meqavat gücündə olan Xaçmaz elektrik stansiyasının təməli bu ilin martında qoyulmuşdur. Stansiya Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonlarının elektrik enerjisinə olan ehtiyacını təmin edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə elektrik stansiyasının inzibati binası ilə tanış oldu, buradakı fotoguşəyə baxdı. Guşədə ulu öndər Heydər Əliyevin 1981-ci, 1983-cü və 1998-ci illərdə Xaçmaza səfərlərini, Prezident İlham Əliyevin Xaçmaza üç səfərini, stansiyanın təməlqoyma mərasimini, ulu öndər Heydər Əliyevin, eləcə də dövlətimizin başçısının fəaliyyətini əks etdirən fotoşəkillər toplanmışdır.
Prezident İlham Əliyev stansiyanın xatirə kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı açılış mərasiminə gəldi və düyməni basaraq elektrik stansiyasını işə saldı.
Mərasimə toplaşan minlərlə rayon sakini, inşaatçılar dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar. Onların əllərində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, ümummilli liderin müdrik kəlamları yazılmış şüarlar var idi.
Mərasimi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açdı.