REGİONLAR
Xaçmazda ibtidai sinif müəllimləri imtahan verib
Xaçmaz, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 23-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün təşkil olunan test imtahanında 52 nəfəri şimal rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərindən olmaqla, ümumilikdə, 68 ibtidai sinif müəllimi iştirak edib.
Region üzrə imtahanlar bir mərkəzdə - Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunub.
Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahanda azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.