Xalq Rəssamı Oqtay Sadıqzadənin 90 illiyinə həsr olunmuş yubiley sərgisi açılacaqdır
Bakı, 14 mart (AZƏRTAC). Martın 15-də Dövlət İncəsənət Muzeyində Xalq Rəssamı Oqtay Sadıqzadənin yaradıcılığından ibarət sərgi açılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərginin davam edəcəyi 10 gün ərzində ziyarətçilər fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilmiş görkəmli fırça ustasının forma və məzmununa, ideya-bədii mahiyyətinə, yüksək peşəkarlıq və orijinal üslubuna görə bir-birindən fərqlənən əsl sənət əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar.
Sərgidə Oqtay Sadıqzadənin 100-dək boyakarlıq və qrafika əsərləri nümayiş etdiriləcəkdir.
Oqtay Sadıqzadə 1921-ci il fevralın 24-də tanınmış ədiblər - yazıçı Seyid Hüseyn və şair Ümmügülsüm xanımın ailəsində dünyaya göz açmışdır. Valideynlərini repressiya illərində itirən Oqtay Sadıqzadə gənc yaşlarından rəssamlığa, ədəbiyyata maraq göstərməyə başlamışdır. O, 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirmişdir. O, rəssamlığın müxtəlif sahələrində çalışmış, uzun illər Azərbaycan təsviri sənətinin inkişafına yorulmadan xidmət göstərmişdir.
Görkəmli fırça ustasının bədii yaradıcılıq fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Oqtay Sadıqzadə 1977-ci ildə Əməkdar İncəsənət Xadimi, 1992-ci ildə Xalq Rəssamı fəxri adlarına layiq görülmüşdür.
Rəssamın əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda təşkil olunan onlarla sərgidə uğurla nümayiş etdirilmiş, milli mədəniyyətimizin təbliğinə xidmət göstərmişdir. Oqtay Sadıqzadənin əsərləri hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeyində, C.Cabbarlı adına Teatr Muzeyində, Ü.Hacıbəylinin, S.Vurğunun, Bülbülün, H.Cavidin ev-muzeylərində, Dövlət Rəsm Qalereyasında, Naxçıvanın muzey və qalereyalarında, Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburq, Lvov, Ulyanovsk şəhər muzeylərində saxlanılır. Bundan əlavə, ustad sənətkarın tabloları Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, Belarus və Pakistanda bir çox şəxsi kolleksiyaları bəzəyir.