XALQIN ÖZ DAHİ OĞLUNA MƏHƏBBƏTİ QARŞISINDA XƏZRİ DƏ ACİZ İDİ
Şənbə günü səhərdən əsən soyuq xəzri də ümummilli liderimizə son borcunu ödəmək üçün buraya axışan izdihama mane ona bilməmişdi. Sanki insanlar yalnız bu böyük dövlət xadiminin məzarını ziyarət etdikdən, ruhuna dua oxuduqdan sonra təskinlik tapırlar. Onların arasında elələri var ki, dünya şöhrətli siyasətçinin vəfatından keçən müddət ərzində hər gün yolunu paytaxtın baş ziyarətgahından salır, böyük öndərin məzarı üzərinə gül qoyurlar.
Bu adamlardan biri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Fatmayı kəndi üzrə nümayəndəsinin müavini GÜLFİRƏ MURADOVA AZƏRTAC-ın müxbirinə demişdir: “Hər gün buraya gəlməyi özümə borc bilirəm. Azərbaycanın görkəmli oğlunun respublikaya rəhbərliyə gəldiyi 1969-cu ildən əmək fəaliyyətinə başlamışam. Ailəliklə möhtərəm Heydər Əliyevin qoruyub saxladığı və möhkəmləndirdiyi dövlətçiliyə sadiqik. Xalqımızın rifahı, hər birimizin güzəranı üçün gördüyü işlərə görə ona minnətdarıq. Mən general Heydər Əliyevin respublikanın rəhbəri seçildiyi vaxtı yaxşı xatırlayıram. Onun ilk işi iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün qarşısını almaqdan ibarət oldu. Yadımdadır, onun gəlişindən sonra milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində ciddi addımlar atıldı. Bu isə milli şüura malik, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi təkan oldu. Onun təşkilatçılıq qabiliyyətinə, zəhmətsevərliyinə hamı həsəd aparırdı. Xalqın təkidli tələbi ilə ahıl yaşlarında yenidən hakimiyyətə qayıdanda da eyni şövq, həvəs və səylə işləyirdi. Qısa müddətdə özbaşınalığa son qoydu, Azərbaycanı dağılmaqdan, parçalanmaqdan xilas etdi, onu dünya dövlətləri sırasına çıxardı. Heyif ondan, ağır itkidir. Vəfatı xəbərini alanda çox sarsıldım, qələmi əlimə necə götürdüyümü özüm də bilmədim. Bu misralar beləcə yarandı:
Göz yaşı axıdan xalqıma bir bax,
Böyüklü-kiçikli hamı ayaqda.
Sayı-hesabı yox, axına bir bax,
Qarışmış bizlərə gələn qonaq da.
Yığılsa bir yerə tökülən yaşlar,
Çaylar aşıb-daşar, ümman yaranar.
Xalqın kədərini, xalqın dərdini
Sənintək duyacaq bir insanmı var?!
Bəli, o, hamını duyur, anlayır, hamıya yanırdı. Hər kəsi öz dilində dindirməyi, dilləndirməyi bacarırdı. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.
…Adamlar axın-axın türk dünyasının şöhrətli oğlunun məzarı önündən hüznlə, ehtiramla keçib gedirlər. Bu ziyarətin vaxtı-vədəsi bilinmədiyi kimi, sonu da olmayacaqdır.