Xankəndidə Dövlət Bayrağımızın ucaldılması Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı - ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
“Ötən il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Bayrağımızı Ağdərədə, Xankəndidə, Xocalıda və Əsgəranda ucaldaraq xalqımıza 30 ildən çoxdur intizarla gözlədiyi ən böyük müjdəni verdi. Dövlətimizin başçısı bununla da fəaliyyətinin ilk günündə xalqa verdiyi vədi yerinə yetirdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan ötən il oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Dövlət Bayrağımızı ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı: “2020-ci ildə Vətən müharibəsində qazanılan qələbənin davamı 2023-cü ildə Xankəndi ilə gəldi. Dosta sevinc, düşmənə gözdağı olan Xankəndinin azadlığı Azərbaycanın suverenliyinin bərpası ilə tamamlandı”.
Deputat xatırladıb ki, ötən il Qarabağda terror hücumlarının törədilməsi, nəticədə mülki vətəndaşlarımızın və hərbi qulluqçularımızın şəhid olması, ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi erməni separatçılarına qarşı təxirəsalınmaz təsirli tədbirlərin görülməsini qaçılmaz etmişdi: “Beləliklə, 2023-cü il sentyabrın 19-da başlanan və bir sutkadan da az davam edərək Qarabağdakı separatçı dəstələrin darmadağın edilməsi, onların təslim olması ilə nəticələnən lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun düşmənə vurduğu növbəti “dəmir yumruq” oldu. Ordumuz beynəlxalq hüquqa əsaslanaraq işğalçı erməni hərbi birləşmələrini və separatçı rejimin tör-töküntülərini antiterror tədbirləri sayəsində zərərsizləşdirdi. Bu əməliyyat bir daha Azərbaycan Ordusunun gücünü, ən çətin relyefi olan coğrafi şəraitdə belə uğurlu əməliyyatlar keçirməyə qadir olduğunu, hərbçilərimizin vətənpərvərliyini göstərdi”.
Səbinə Salmanova vurğulayıb ki, Ermənistan Azərbaycanın Xankəndi şəhərini işğal dövründə, sözün əsl mənasında, separatizm məkanına çevirmişdi: “Burada qondarma “prezident seçkiləri”, “parlament seçkiləri” keçirilir, qanunsuz olaraq vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Qarabağdakı separatçılar o qədər azğınlaşmışdılar ki, “Bakıya tanklarla gələcəklərini” bildirirdilər. Bəli, onlar Bakıya gəldilər, daha doğrusu gətirildilər. Onlar Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verəcəklər”.
“Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə viran edilən Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Artıq həmin ərazilərimizə Böyük Qayıdış başlayıb. Bütün bunlar qürurvericidir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilər qısa müddətdə tam bərpa olunacaq, insanlar doğma yurdlarına qayıdaraq xoşbəxt ömür sürəcəklər”, - deyə deputat əlavə edib.