XARİCİ ÖLKƏLƏRDƏKİ DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRDƏ ÇALIŞAN VƏTƏNDAŞLARIMIZIN SOSİAL MÜDAFİƏSİ GÜCLƏNİR
Layihə ilə bağlı məlumat verən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin işçilərinin icbari sığortası bu qanunla, Mülki Məcəllə, “Diplomatik xidmət haqqında”, “Sığorta haqqında” və digər normativ hüquqi aktlarla tənzimlənir.
Layihənin sığorta məbləği və haqqı ilə bağlı olan 7-ci maddəsində deyilir ki, diplomatik nümayəndəliklərdə diplomatik vəzifə tutan şəxslər şərti maliyyə vahidinin 6 min misli, inzibati-texniki xidməti həyata keçirən şəxslər şərti maliyyə vahidinin 3 min misli məbləğində sığorta edilirlər. Sığorta haqqı sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir.
Sığorta ödənişləri ilə bağlı 8-ci maddədə deyilir ki, sığorta olunan sığorta müddətində həlak olduqda onun ailəsi 100 faiz, 1-ci qrup əlilliyə görə 80 faiz, II qrup 60 faiz, III qrup 40 faiz, əlillik qrupu təyin olunmadan ağır xəsarət aldıqda 20 faiz, yüngül xəsarət aldıqda 10 faiz həcmində sığorta haqqı alır.
Müzakirələr zamanı deputatlar bu qanunun Azərbaycan Respublikasının xarici diplomatik nümayəndəliklərdə çalışan vətəndaşlarımızın sosial müdafiəsinə yönəlmiş vacib normativ hüquqi akt olduğunu vurğulamışlar.
Sonda qanun layihəsi üçüncü oxunuşda qəbul olunmuşdur.