Xarkov biznesmenləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar
Xarkov, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğunda Xarkov regionunun işgüzar dairələrinin və biznes elitasının iştirakı ilə biznes-forum təşkil olunub. Tədbir çərçivəsində dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masanın təşəbbüsçüsü Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, təşkilatçısı isə Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğudur.
Dəyirmi masanın iştirakçıları ilə tanış olan səfir bildirib ki, bu, onun Xarkova ilk işgüzar tanışlıq səfəridir və o, Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının perspektiv istiqamətləri ilə tanış olur. Elmira Axundova Xarkov vilayətinin və Xarkov şəhərinin rəhbərləri ilə işgüzar görüşlərinin nəticələri haqqında danışıb, bu görüşlərin gedişində əldə olunan razılaşmalar, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy arasında görüşdə səslənə biləcək təkliflər paketinin hazırlanmasına dair mülahizələri barədə söhbət açıb.
Dəyirmi masa iştirakçıları Azərbaycan ilə beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərini, o cümlədən regional perspektiv baxımından müzakirə ediblər.
Səfir Azərbaycan tərəfinin iqtisadi maraqlarını, dəyirmi masanın digər iştirakçıları isə öz imkanlarını və potensiallarını xarakterizə ediblər.
Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov tərəfindən təklif olunmuş “Kiçik işlər nəzəriyyəsi” adlandırılan proqramının həyata keçirilməsi məsələsi ayrıca fəal müzakirə mövzusuna çevrilib.
Konstruktiv danışıqların gedişində bir sıra razılaşmalara nail olunub, aktiv müzakirələr prosesində yaranan təkliflərin icrası üzrə konkret planlar müəyyən edilib.
Koronavirus pandemiyası ilə bağlı Ukraynada hələ də karantin tədbirləri mövcud olduğundan dəyirmi masanın keçirilməsi zamanı bütün zəruri şərtlərə riayət olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov