Harvard Universitetinin və bəzi digər nüfuzlu təşkilatların mütəxəssislərinin apardıqları statistik araşdırmalara görə, onkoloji xəstəliklərdən ölüm hallarının üçdə biri asanlıqla nəzarətdə saxlanılan cəmi 9 amillə şərtlənir.
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, bu amillərin ən təhlükəlisi siqaret çəkmək və alkoqoldur. Qalan 7 amil piylənmə, fiziki passivlik, qida rasionunda meyvə və tərəvəz çatışmazlığı, təhlükəli seks, şəhər atmosferinin çirklənməsi, məişət yanacağının tüstüsü və xəstəxanalarda istifadə edilən çirkli şprislərdir. Tədqiqatçılar xəstələrin yaşını və cinsini, habelə regional fərqləri nəzərə almaqla, hər bir amilin 12 müxtəlif xərçəng xəstəliyinə təsirini öyrənmişlər. Statistik məlumat müxtəlif mənbələrdən, o cümlədən Dünya Səhiyyə Təşkilatı əməkdaşlarının onkoloji riskin qlobal müqayisəli qiymətləndirilməsi üçün topladıqları məlumatdan götürülmüşdür. Bunların təhlili göstərmişdir ki, 2001-ci ildə xərçəngdən 7 milyon ölüm halının 35 faizinə həmin 9 amilin kombinasiyalı təsiri səbəb olmuşdur.
Ölum hallarının əsas səbəbi siqaret çəkməkdir (19 faiz), ikinci yeri alkoqol (5 faiz), üçüncü yeri isə fərdi pəhrizdə meyvə və tərəvəz çatışmazlığı tutur.
Amerika Onkologiya Cəmiyyətinin vitse-prezidenti Maykl Tun demişdir: “Beləliklə, xərçəngdən ölüm hallarının azı üçdə bir hissəsinin qarşısını nisbətən asan yolla ala bilərik”. Harvard Universitetinin professoru Məcid Ezzati isə vurğulamışdır ki, xərçənglə mübarizədə təkcə təbabətin son nailiyyətlərinə bel bağlamaq olmaz, sağlam həyat tərzi keçirməyə və ətraf mühiti təmiz saxlamağa çalışmaq lazımdır.