Xərə Zirə adasında ilk dəfə torpaq tədqiqatları aparılıb
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Mürsəl Məmmədov və Xıdır Qasımov Xərə Zirə adasında aparılan kompleks elmi tədqiqatlarda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk dəfə olaraq adada torpaq tədqiqatları coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş əsasında aparılıb.
Adada aparılacaq çöl tədqiqatlarının hazırlıq mərhələsində müəyyən olunan təlimata əsasən ekspedisiyada hər 30 hektardan bir torpaq kəsimi qoyulub və marşrut xəritəsi tərtib edilib.
Müəyyənləşdirilmiş xarakterik yerlərdə torpaq kəsimləri qoyulub, horizontlar üzrə nümunələr götürülüb. Ərazinin təsvir blankında kəsimlərin yerləşdiyi koordinatlar qeyd olunub, bitki örtüyü, karbonatlılığı, torpaq əmələ gətirən süxurlar təyin edilib. Təxmini olaraq torpağın qranulometrik tərkibi müəyyənləşdirilib.
Torpaq nümunələri analiz üçün laboratoriyaya verilib. Laboratoriya analizlərindən sonra adada yayılmış torpaq tiplərinin növ müxtəlifliyi dəqiqləşdiriləcək.