Xətai rayonunda evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb
Bakı, 2 mart, AZƏRTAC
Xətai və Şəmkir rayonlarında oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai rayonu ərazisindəki evlərin birindən 150 manat məbləğində pul, 4500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Şıxəliyev və qrupun digər üzvləri Bakı şəhər sakinləri A.Cəbrayılov və M.Şıxəliyev Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Fevralın 12-də Şəmkir rayonu ərazisindəki 2 istixanadan 4 ədəd su nasosu, elektrik kabeli və su qabı oğurlamaqda şübhəli bilinən rayon sakinləri N.Nəsibov, R.Əsgərov və əvvəllər məhkum olunmuş M.Hüseynov Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.