XƏZƏR DƏNİZİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN ƏN MÜASİR QAZMA QURĞUSUNA HEYDƏR ƏLİYEVİN ADI VERİLMİŞDİR
ARDNŞ-in prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycanın ən yeni tarixində, xüsusilə də neft və qaz strategiyasının hazırlanması və həyata keçirilməsi mərhələsində qazanılmış böyük nailiyyətlərlə bağlıdır. Odur ki, Xəzər dənizində ən müasir qazma qurğusu bundan sonra qüdrətli dövlət xadimi Heydər Əliyevin adını daşıyacaqdır. Bu qurğu suyun bir kilometrədək dərinliyində işləmək və doqquz kilometr dərinliyədək qazma işləri aparmaq imkanına malikdir. Hazırda Heydər Əliyevin adını daşıyan qurğu Xəzərin “Zəfər məşəli” strukturunda qazma işləri aparılmaqdadır.
Dru Qudbred bildirmişdir ki, Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi sayəsində, dünyanın EksonMobil kimi iri neft və qaz şirkətlərinin ölkənin enerji ehtiyatlarının kəşfiyyatı və işlənilməsi prosesində iştirak etməsinə imkan verən əlverişli sərmayə qoyuluşu mühitinin yaradılmasında böyük uğurlar əldə etmişdir. Mən fəxrlə deyirəm ki, “Heydər Əliyev” qurğusundan istifadə etməklə, biz hazırda Xəzərdə ən çətin və əhəmiyyətli quyulardan birini qazırıq və bu işdə müvəffəqiyyət qazanacağımızı gözləyirik.
Maerks Kontraktorz şirkətinin baş meneceri Rey Votkins isə fikirlərini belə ifadə etmişdir: “Biz bu yeni və son dərəcə qabaqcıl texnologiyaya malik olan qurğuya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi ilə çox fəxr edirik. Biz inanırıq ki,”Heydər Əliyev” qurğusu Xəzər dənizində həyata keçirdiyi əməliyyatlar zamanı özünün son dərəcə müasir texnologiyaya malik olduğunu sübut edəcəkdir”.