Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularını qanunsuz keçən şəxslər saxlanılıblar
Bakı, 4 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mayın 29-da xidmətin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kiloqram 170 qram marixuana, 100 qram tiryək) aşkar olunaraq götürülüb.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən üç nəfər heyət üzvü İran İslan Respublikasına məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıqla birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı sərhəd pozucularının İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.