“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin mətbəəsində nəfis tərtibatla çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnal çağdaş Avstriya ədəbiyyatının tanınmış nümayəndəsi, bir çox ölkələrin nüfuzlu mükafatlarına, 2009-cu ildə isə beynəlxalq “Frans Kafka” mükafatına layiq görülmüş Peter Handkenin “Solaxay qadın” romanı ilə açılır. Romanı alman dilindən ana dilimizə Vilayət Hacıyev tərcümə edib. Yazıçının “Qapıçının on bir metrlik zərbədən qorxusu”, ”Uzun ayrılığın qısa məktubu” romanları, “Yavaş-yavaş Vətənə dönüş” tetralogiyası ona dünya şöhrəti qazandırıb.
Jurnalın budəfəki nömrəsində oxucular “Azərbaycan ədəbiyyatı” bölməsində Şahmarın “Qoyungöz” hekayəsi ilə tanış ola biləcəklər. İkinci bölmədə yapon mənşəli İngiltərə yazıçısı Kazuo İşiquronun “O günlərdən qalanlar” romanı Saday Budaqlının tərcüməsində təqdim olunur. Yazıçı bu romanına görə 1989-cu ildə Buker mükafatı alıb. O, həm də bu il oktyabrın 5-də İsveç Akademiyasının ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
“Memuar” bölməsində tanınmış rus psixiatrları Anatoli Sprints və Oleq Yerışevin “Mən Yer kürəsini barmağımda gəzdirirəm...” əsəri, rus avanqard poeziyasının görkəmli nümayəndəsi Velimir Xlebnikovun şeirləri yer alıb. Bu bölmədəki tərcümələr tanınmış şair Zahid Sarıtorpağa məxsusdur.
Sonrakı bölmədə Etimad Başkeçidin tərcüməsində görkəmli rus yazıçısı, tənqidçi Vsevolod Qarşinin “Qırmızı çiçək” və “Rəssamlar” hekayələri, Fərhad Abdullayevin tərcüməsində idiş dilində müasir bədii ədəbiyyatın banilərindən biri, çoxsaylı novellalar müəllifi Şolom Aleyxemin ”Üç dul qadın” hekayəsi verilib.
“Fransız simvolizmi”nin budəfəki qonaqları Şarl Bodler, Pol Verlen və Artur Rembodur. Hər üç şairin şeirlərini müvafiq olaraq Salam Sarvan, Mahir N.Qarayev və Zahir Sarıtorpaq tərcümə ediblər.
“Klassik tərcümələr”də yer alan Con Steynbekin “Basqın” hekayəsi bədii tərcümə sənətinin tanınmış nümayəndəsi Natiq Səfərovun çevirməsində oxucu qəlbinə yol tapacaq.
Nəşrin digər bölmələrində XX əsr ingilisdilli dünya poeziyasında yenilikləri ilə yadda qalmış Ezra Paundun “Keçmişə baxış və edilməməli bəzi şeylər” essesi (ingilis dilindən tərcümə edən Təvəkkül Zeynallı), rumın yazıçısı Mirça Kertereskunun hekayələri (tərcümə edən Güldəstə), italyan Eduardo De Filipponun “Neapol - milyonçular şəhəri” üçpərdəli komediyası (tərcümə edən Yaşar) dərc olunub.
Toni Morrisonun “Evə qayıdış” romanı İlqar Fəhminin tərcüməsində oxuculara təqdim edilir. T.Morisson 1993-cü ildə Nobel mükafatına layiq görülüb. Sonuncu “Ədəbi mozaika“ bölməsində beynəlxalq ədəbiyyat mükafatları ilə bağlı maraqlı xəbərləri Zahid Sarıtorpaq hazırlayıb.
Jurnalın baş redaktoru Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsuddur.