XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: XVII əsrə aid Yeraltı hamam.
Yeraltı hamam İçərişəhərdə yerləşən XVII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsidir.
Şirvan-Abşeron memarlıq məktəbinə aid olan bu tikili, 2015-ci ilə qədər İçərişəhər ərazisində torpaq altında qorunub saxlanılan yeganə abidə idi. Məhz bu səbəbdən o, funksionallıq baxımından unikal memarlıq kompleksi hesab olunur. Hamam öz memarlıq üslubu, tikilmə texnikası və elementlərinə görə XV əsrə aid “Hacı Bani” hamamı ilə böyük oxşarlıq təşkil edir. Aparılan tədqiqatlar nəticəsində abidənin XVII əsrin əvvəllərinə aid olduğu müəyyən edilmişdir.
2015-ci ildə həyata keçirilən qazıntı işləri sayəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş və memarlıq quruluşu müəyyənləşdirilmişdir. 2016-cı ildə isə abidənin şərq hissəsindəki qəzalı otaqlar bərkidildikdən sonra genişmiqyaslı arxeoloji qazıntılara başlanılmışdır.
Hazırda Yeraltı hamam muzey kompleksi kimi fəaliyyət göstərir. Burada vaxtilə hamamda istifadə edilən qədim məişət əşyaları, eləcə də tarixi eksponatlar nümayiş olunur.