Xəzər rayonunda 32 yaşlı qadından 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, S. Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.