XİN: Argentinalı jurnalistin adı Azərbaycan hökumətinin “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb
Bakı, 27 aprel, AZƏRTAC
Argentinanın “Tiempo Argentino” qəzetinin redaktor müavini Luis Faraoninin adı Azərbaycan hökumətinin “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, 2015-ci il martın 18-23-də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən və adı arzuolunmaz şəxslər siyahısına daxil edilən Luis Faraoni bununla əlaqədar ölkəmizin Buenos-Ayresdəki səfirliyinə məktubla müraciət edib. Luis Faraoni Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının “arzuolunmaz şəxslər” siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib. O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.
L.Faraoni Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.
Redaktor müavininin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul olunub.