“Xocalı ayı” çərçivəsində Kiyev Ürək Mərkəzində qanvermə aksiyası keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş “Xocalı ayı” çərçivəsində Kiyev Ürək Mərkəzində qanvermə aksiyası keçirilmişdir.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən AZƏRTAC-a bildirmişlər ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən qanvermə aksiyasına bu ölkənin bir sıra yerli gənclər təşkilatları da qoşulmuşdur. “Erməni daşnakları 20 il bundan öncə Xocalı şəhərində axıtdıqları günahsız insan qanına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər” şüarı ilə Kiyev Ürək Mərkəzinə gələn 200-dən çox azərbaycanlı və ukraynalı gənc Xocalıda erməni vəhşiliyinə məruz qalan uşaqların, qadınların, qocaların və dinc əhalinin xatirələrini ürək xəstələrinə qan verməklə anmışlar.
Aksiya iştirakçılarına ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasəti haqqında məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov 20 il bundan əvvəl qəddar erməni silahlı birləşmələrinin Xocalı şəhərində törətdiyi növbəti vəhşiliklər nəticəsində 613 soydaşımızın, o cümlədən 106 qadın, 70 qoca və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdırmışdır.
Gənclərin Xocalı qurbanlarının xatirəsini xəstələrə qanvermə aksiyasına qoşulmaqla yad etmələrini humanist addım kimi dəyərləndirən Kiyev Ürək Mərkəzinin qan köçürmə şöbəsinin müdiri Viktoriya Qorabets 1992-ci ildə Xocalıda axıdılmış günahsız insan qanını insanlığa yönəlmiş bəşəri cinayət adlandırmışdır.
Əyinlərində “Xocalıya ədalət” yazılmış köynəklərlə qanvermə aksiyasına qoşulan Ümumukrayna Gənclər Assambleyasının, Kiyev Gənclər Mərkəzinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları 20 il bundan öncə əlləri Azərbaycan xalqının qanına batan erməni cəlladlarının beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulamışlar.
Qanvermə aksiyasına qoşulan gənclərə Qarabağ həqiqətlərini və Xocalı faciəsini əks etdirən film və kitablar təqdim olunmuşdur.