“Xocalı bizi səsləyir” adlı sərgi-tədbir keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrında Yasamal rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı bizi səsləyir” adlı sərgi-tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində “Xocalı bizi səsləyir” adlı rəsm sərgisi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkil etdiyi kitab sərgisi ilə tanış olublar. Xocalı soyqırımı qurbanlarına həsr olunmuş əsərlər haqqında qonaqlara məlumat verilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova bildirib ki, Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Bu soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Direktor Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının önəmindən bəhs edib.
Tədbirdə çıxış edən digər qonaqlar və sərginin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımının bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib, faciə qurbanlarının başına gətirilmiş müsibətlərdən danışıblar.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdimatında “Xocalı faciəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.