XOCALI FACİƏSİ FRANSIZ DEPUTATLAR TƏRƏFİNDƏN ANILMIŞDIR
Səfir müasir silahlardan istifadə edən erməni ordusunun bir gecədə Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri vəhşiliklərdən danışmış, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və onu doğuran səbəblər, məsələnin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir. Daha sonra səfir prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazandığını, bu münasibətlə Prezident İlham Əliyevi təbrik edən və ölkəsinə rəsmi səfərə dəvət edən dövlət başçıları arasında Fransanın Prezidenti Jak Şirakın olduğunu da xatırlatmış və məhz buna görə də Prezident İlham Əliyevin xarici ölkələrə ilk rəsmi səfərini Fransadan başladığını qeyd etmişdir. Prezident İlham Əliyevin Fransa dövlətinin başçısı Jak Şirakla və ölkənin digər rəsmiləri ilə görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyini, bu səfərin ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş iki ölkə arasında hərtərəfli əlaqələrin gələcək inkişafında yeni bir dövr açdığını xüsusi vurğulamışdır.
Fransız deputatlar öz növbələrində Prezident İlham Əliyevin səfərinin ölkədə böyük əks-səda doğurduğunu, ictimaiyyət tərəfindən müsbət qarşılandığını qeyd etməklə yanaşı, bu səfəri iki xalq arasındakı mövcud dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən mühüm bir amil kimi qiymətləndirmişlər.
Görüşdə, həmçinin iki ölkə arasında əməkdaşlığın perspektivləri və formaları geniş müzakirə edilmişdir.
Axırda səfir E.Hüseynova deputatların ölkəmizlə bağlı suallarına ətraflı cavablar vermiş, işgüzar şəraitdə keçmiş görüşə görə öz minnətdarlığını bildirmiş, Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun sədrini və üzvlərini ölkəmizə səfərə dəvət etmişdir.