Xocalı faciəsi insanlığa qarşı tarixi cinayətdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru İlham Abbasov tədbiri açaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının əsgərləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək insanlığa silinməz ləkə olan əsl soyqırımı aktı törətdiklərini, cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlının qəddarcasına, dözülməz işgəncə ilə öldürüldüyünü, 487 nəfərə ağır xəsarət yetirildiyini, 1275 sakinin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyduqlarını qeyd etmişdir.
Yığıncaqda çıxış edənlər diqqətə çatdırmışlar ki, işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, etnik təmizləmə aparmasına, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törətməsinə bəzi xarici dairələr bu günə kimi biganə yanaşırlar.
Tədbir iştirakçıları xüsusilə vurğulamışlar ki, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, dinc əhalinin kütləvi və amansız qırğın aktını, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilmişdir.
Əminliklə bildirilmişdir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyət nəticəsində xalqımızın məruz qaldığı faciələr, o cümlədən Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınacaq, işğal olunmuş torpaqlarımızın qaytarılması məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq, yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Əks təqdirdə, Ali Baş Komandanın bəyan etdiyi kimi, respublikamızın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğaldan azad olunması silah gücünə də olsa, təmin ediləcəkdir.