Xocalı faciəsi Naxçıvan rəssamlarının gözü ilə
Naxçıvan, 22 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına salonunda sərgi açılmışdır.
Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi böyük soyqırım siyasətinin növbəti mərhələsi olmuşdur. Həmin gün azğın düşmən heç kəsə, hətta körpələrə, uşaqlara, qocalara belə aman verməmişdir. Təəssüflər olsun ki, respublikanın o dövrdəki rəhbərliyi susaraq xalqımızın başına gətirilən bu bəlanın nə qarşısını aldılar, nə də ona lazımi qiymət verdilər. Bu cinayətin beynəlxalq miqyasda tanıdılması, ona hüquqi-siyasi qiymət verilməsi və erməni faşizminin ifşa olunması ilə əlaqədar ilk təşəbbüs xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunmağa başlandı.
Müstəqilliyimizin yolunda canlarını qurban vermiş oğul və qızların xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur və qəlbində yaşadır. Buna görədir ki, muxtar respublikamızda yaşayan rəssamlar da bu mövzuya tez-tez müraciət edir, xalqımızın başına gətirilən belə faciələri kətan üzərinə köçürərək öz əsərlərində canlandırırlar.
Sərgidə 20 rəssamın - Hüseynqulu Əliyevin, Səyyad Bayramovun, Ülviyyə Həmzəyevanın, Telman Abdinovun, Bəhruz Quliyevin, Həbibə Allahverdiyevanın və başqalarının boyakarlıq, qrafika və döymə janrlarında yaratdıqları 40-dan artıq əsər nümayiş olunur.
Sərgi fevral ayının sonuna qədər davam edəcəkdir.
######
