XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ DAŞKƏNDDƏ DƏ ANILMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyevin faciə ilə əlaqədar xalqa müraciəti oxunmuşdur. Səfir Aydın Əzimbəyov Xocalı soyqırımının tarixindən danışmış, bu faciəni Xatın və Sonqmi soyqırımları ilə müqayisə edərək demişdir ki, qaniçən erməni hərbçiləri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalıda görünməmiş vəhşiliklər törətmişlər. Qadınlar, qocalar, uşaqlar dəhşətli işgəncələrə, ağlasığmaz zülmə, təhqirlərə məruz qalmış, qətlə yetirilmişlər.
Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, soydaşlarımızdan Həmid Hüseynov, Süleyman Məmmədov və başqaları çıxış edərək bu faciəni törədənləri lənətləmişlər.
X X X
Xocalı faciəsinin 12-ci ildönümü ilə əlaqədar səfirlikdə yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında səfir Aydın Əzimbəyov məlumat vermişdir ki, bir gecənin içində erməni qəsbkarları 613 nəfəri vəhşiliklə qətlə yetirmiş, 487 nəfər şikəst olmuşdur.1275 adam müxtəlif işgəncələrə məruz qalmışdır. Bu, əsl soyqırımdır.
Sonra səfir bu məsələ ilə bağlı jurnalistlərin suallarına cavab vermişdir.
Jurnalistlərə Xocalı faciəsi, erməni terrorizmi ilə bağlı geniş məlumat toplusu da paylanmışdır.
Faciə ilə bağlı Daşkənddəki “Bulaq” kafesində ehsan verilmişdir. Mərasimdə 200-dən artıq soydaşımız iştirak etmişdir.