Xocalı faciəsi tariximizin qanlı səhifəsidir
Masallı, 20 fevral (AZƏRTAC). Masallı şəhərində “Xocalı faciəsi tariximizin qanlı səhifəsidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədri Seymur Nuriyev Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğal edildiyini, bir milyondan çox soydaşımızın öz yurdlarından didərgin düşdüyünü, Xocalı soyqırımının XX əsrin ən böyük faciəsi olduğunu bildirmişdir.
YAP fəalı Həmid Süleymanov mövzu ilə bağlı məruzə etmişdir. Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Xocalı faciəsi kimi daxil olduğunu vurğulayan H. Süleymanov bildirmişdir ki, Ermənistan quldur birləşmələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı misli görünməmiş soyqırım aktı törətmişlər. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Konfransda çıxış edənlər erməni quldurlarının Xocalı şəhərində törətdikləri qanlı faciədən söz açaraq bu vəhşiliyi XX əsrdə Azərbaycan xalqına qarşı törədilən ən ağır qanlı hadisə kimi qiymətləndirmişlər. Faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğu diqqətə çatdırılmışdır.