Xocalı faciəsindən bəhs edən kriminal-detektiv romanın təqdimatı keçirilmişdir
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Ümidlərin izi ilə” kriminal-detektiv romanın təqdimatı keçirilmişdir.
Əsərin müəllifləri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və yazıçı Müşfiq XANdır.
AZƏRTAC xəbər verir ki, əsir və girovluqda olmuş canlı şahidlərin xatirələri, Milli Təhlükəsizlik Nazirliyinin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin səbəbi azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımıdır.
Əsər müxtəlif süjet xətləri - Xocalıda girov düşərək Fransaya aparılan Aytəkinin keçirdiyi acı günlər, 20 il ərzində hər an sevgilisinə qovuşmaq ümidi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları üzərində qurulmuşdur. Kitabda hadisələr Xocalı faciəsindən 20 il sonra artıq bizim dövrdə baş verir. Burada, həmçinin Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti də əks olunur. Onların səyi ilə Azərbaycana xüsusi tapşırıqla göndərilmiş erməni xəfiyyəsi ələ keçirilir.
“Romanın yazılmasında məqsəd Xocalı faciəsinin fəlakətlərini bədii yolla, axıcı süjet xətti ilə oxucuya çatdırmaqdır. Milli-mənəvi dəyərlərə, Vətənə, millətə bağlılığı təbliğ edən roman gənc nəslin maarifləndirilməsinə xidmət edir”, - deyə əsərin həmmüəllifi Şəmil Sadiq bildirmişdir.
Kitabın rəssamı Vaqif Ucatayın sözlərinə görə, əsərdə istifadə olunan rəsmlər şahidlərin fikirləri əsasında çəkilmişdir. Bu rəsmlərdə ermənilərin aralarında qadın, uşaq, yaşlılar, hərbçilər olan azərbaycanlı əsirlərə qarşı vəhşi və qeyri-insani münasibəti əks olunur.
Müəlliflər əsəri bir neçə dildə nəşr etdirməyi planlaşdırırlar. Kitabın birinci nəşrindən əldə olunan vəsaitlə Xocalıdan olan məcburi köçkün ailələrinə yardım ediləcəkdir.