XOCALI FACİƏSİNİN 12-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Ölkəmizin Berlindəki səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Azərbaycanın Xocalı şəhərinin sağ qalmış əhalisinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciətinin mətni burada fəaliyyət göstərən cəmiyyət və dərnəklərə, diaspor nümayəndələrinə göndərilmişdir.
Berlindəki Azərbaycan Cəmiyyətləri Federasiyası fevralın 27-də Brandenburq qapıları qarşısındakı meydanda kütləvi mitinq və faciə qurbanlarının xatirəsini anma mərasimi keçirəcəkdir. Berlin şəhər bələdiyyəsinin və polisin rəsmi icazəsi ilə keçiriləcək bu kütləvi aksiyada soydaşlarımız ümumdünya beynəlxalq təşkilatlarına, bütün millətlərə və xalqlara müraciət edərək, onları Xocalı faciəsi haqqında məlumatlandıracaq və erməni cinayətkarlarının məhkəmə qarşısına çıxarılmasına yardım göstərməyə çağıracaqlar.
Almaniyanın digər şəhərlərində, o cümlədən bu ölkədə akkreditə olunmuş digər dövlətlərdə, Hollandiyada mütəşəkkil fəaliyyət göstərən dostluq cəmiyyətləri və mədəniyyət mərkəzlərində birləşən soydaşlarımız da faciənin ildönümü münasibətilə kütləvi tədbirlər keçirməyi planlaşdırırlar. Belə ki, Boxum Akademik Birliyində təşkilatlanmış azərbaycanlı tələbələr Xocalı faciəsinin 12-ci ildönümü münasibətilə yeni internet-sayt açmış və fevralın 26-da orta radio dalğalarındakı çıxışlarında bu soyqırımı bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən biri kimi dünya ictimaiyyətinə çatdıracaqlar.
Hollandiyadakı Azərbaycan Cəmiyyətlərində birləşən soydaşlarımız isə həmin gün anma mərasimi keçirməklə ölkənin hökumət binası qarşısında etiraz yürüşləri keçirməyi nəzərdə tutmuşlar.