Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar Berlində tədbirlər keçiriləcəkdir
Berlin, 21 fevral (AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 23-26-da Berlin şəhərində Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar “Almaniyada Xocalı Günləri” adlı tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirin təşkilatçıları Azərbaycanın Almaniyadakı səfirliyi və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyidir. Tədbir, həmçinin “Avroqafqaz” cəmiyyəti, Avropa Məsələləri İnstitutu, Alman-Azərbaycan Forumu, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Bakı-Berlin Qalereyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir. Tədbirə, eyni zamanda, “Xocalıya ədalət” beynəlxalq kampaniyası geniş dəstək verir.
Tədbir Berlinin mərkəzində yerləşən “Palais am Festungsgraben” adlı tarixi binada keçiriləcəkdir.
“Almaniyada Xocalı Günləri”nin birinci günündə Berlində yerləşən Xocalı abidəsinin ziyarət edilməsi və tədbirin rəsmi açılışı nəzərdə tutulur.
Mərasimdə Bundestaq deputatları, Almaniyanın rəsmi və ictimai dairələrinin nümayəndələri, jurnalistlər və Almaniyada fəaliyyət göstərən azərbaycan diasporunun üzvləri iştirak edəcəklər.
Tədbirin ikinci günü “Xocalı uşaqların gözü ilə”, “Ağdam - ruhlar şəhəri” adlı sərgilərin açılışı, almaniyalı müəllif Rüdiger Kipkenin “Azərbaycan-erməni münasibətləri və Dağlıq Qarabağ münaqişəsi” və kanadalı müəllif Skot Teylorun “Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan və Azərbaycan” adlı kitablarının təqdimatları və “Xocalı - Şahidlərinin gözü ilə” mövzusunda “dəyirmi masa” nəzərdə tutulur.
Tədbir iştirakçılarına “Justice for Khojali” məlumatlandırma kampaniyası barədə ətraflı məlumat veriləcəkdir. Günün sonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmış Dövlət Pantomima Teatrının aktyorlarının ifasında Xocalı faciəsinə həsr olunmuş tamaşa təqdim olunacaqdır.
Tədbirin üçüncü günü “Qarabağ vəhşəti - müharibənin uşaqların həyatında buraxdığı iz” adlı tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Xocalı faciəsi baş verəndən dərhal sonra Almaniyaya gətirilmiş və alman ailələrində məskunlaşdırılmış yetim uşaqların 20 ildən sonra həmin ailələrlə yenidən görüşünün keçirilməsi nəzərdə tutulur. Mərasimdə “Xocalılı Anar Usubovun həyat hekayəsi” adlı filmin nümayişi və filmin əsas personajı ilə görüş də nəzərdə tutulmuşdur.
Tədbirin sonuncu günü, fevralın 26-sı “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin təqdimatı, Günel Anarqızının “Atama məktub” romanından parçaların oxunması və Xocalı faciəsi ilə bağlı “Biz geri qayıdacağıq” adlı bədii filmin nümayişi də planlaşdırılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin