“Xocalı göyərçinləri” ermənilərin 20 il əvvəl azərbaycanlılara qarşı tərətdikləri növbəti soyqırımından bəhs edir
Ağsu, 17 fevral (AZƏRTAC). İyirmi il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə ağır hərbi texnikanın köməyi ilə erməni hərbçilərinin Xocalıya basqını, dinc, əliyalın insanlara qarşı törədilmiş qətliam Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Həmin gecə bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin taleyi bugünədək məlum deyildir. Bütün bunlar əslində ermənilərin azərbaycanlılara qarşı törətdikləri növbəti soyqrımı aktı idi.
Bu dəhşətli rəqəmlər mədəniyyət işçisi Vaqif Alıyevin yenicə işıq üzü görmüş “Xocalı göyərçinləri” kitabının Ağsu Rayon Mərkəzi Kitabxanasında keçirilən təqdimat mərasimində bir daha xatırladılmışdır.
Mərasimdə bildirilmişdir ki, Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində oxuculara təqdim olunan kitab Kürdəmir rayonunda məskunlaşmış, o qanlı-qadalı gecənin şahidi olmuş Xocalı sakinlərinin xatirələri əsasında qələmə alınmışdır. Müəllif Elmanın, Qaratel xalanın, İmarənin, Rövşənin dili ilə Xocalı dəhşətlərini bütün çılpaqlığı ilə təsvir edir, oxucunu bir anlığa həmin qanlı hadisələrinin “mərkəzinə çəkir”.
“Xocalı göyərçinləri” kitabının müəllifi həyatını dərin məhəbbətlə qələmə aldığı Məhərrəm kimi mərd azərbaycanlının timsalında təpədən dırnağadək silahlanmış erməni vəhşiləri ilə üz-üzə əliyalın dayanan qəhrəman oğullarımızın obrazını yaratmışdır.
Xocalı sakini Əmrah Məmmədov, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Cəbrayıl Bədəlov, kitabxananın xidmət şöbəsinin işçisi Aytən Şıxəliyeva və başqaları təqdimatı keçirilən kitabı yüksək qiymətləndirmiş, yeni nəşrin ayrı-ayrı məziyyətlərindən danışmışlar.
Tədbirdən sonra iştirakçılar Xocalı faciəsinə həsr olunmuş kitab sərgisinə baxmışlar.