Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir

Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən
azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı
siyasətinin davamı və ən qanlı səhifəsidir.
Heydər Əliyev
Ümummilli lider

Bakı, 26 fevral, AZƏRTAC

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun “Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir” sərlövhəli məqaləsini təqdim edir.

XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduğu “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla terror aktları törətməklə yanaşı, etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədilmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Ermənistan silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşdür.

Bu siyasətin davamı olaraq, 1918-ci ilin əvvəllərində, yəni, mart qırğını ərəfəsində Bakıda bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Həmin il martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və doğma torpağından didərgin salınmışdır. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” adlı kitabında təsdiq edərək yazır ki, “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır.

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Hər üç Cənubi Qafqaz respublikasının müstəqilliyinin itirilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşunun özünü mənasız etdi.

Beləliklə, məqsədyönlü şəkildə həyata keçirilən siyasətin davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da sovet Rusiyasının bilavasitə himayəsi və iştirakı ilə həyata keçirildi. Halbuki, keçmiş SSRİ məkanındakı digər respublikalarda Qarabağda yaşayan ermənilərdən daha çox erməni yaşayırdı. Bundan başqa, Ermənistanda tarixən yaşayan azərbaycanlıların sayının Qarabağ ermənilərindən çox olmasına baxmayaraq, Azərbaycan onlar üçün Ermənistandan milli-dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdilər.

1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi soyqırımına rəhbərlik edən, bolşevik maskası geyinmiş S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Bununla da Qarabağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu ki, bunun da Azərbaycan üçün çox ağır nəticələri oldu.

Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbərliyi xarici ölkələrdən ermənilərin repatriasiyası məsələsini sovet hökuməti qarşısında yenidən qaldırdı və həmin təklif bəyənildi. Ancaq repatriasiya edilən ermənilərin yerləşdirilməsi üçün guya Ermənistanda lazımi şərait mövcud deyildi. Bunu bəhanə edərək Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-nin əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsi, eləcə də boşalan torpaqlar və mənzillərdən xarici ölkələrdən Ermənistan SSR-ə gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün istifadə edilməsi təklifi irəli sürüldü.

Yaranmış vəziyyətdə 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Nəticədə Ermənistan SSR hökuməti SSRİ rəhbərliyindəki himayədarlarının köməyi sayəsində 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldu. Xaricdən gətirilən ermənilər isə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərində yerləşdirildilər.

XX əsrin 80-ci illərinin ikinci yarısında yaranmış vəziyyətdən istifadə edərək ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Eyni zamanda, 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. 1988-ci ilin sonunda ermənilər Ermənistanda genişmiqyaslı etnik təmizləmə - azərbaycanlılardan təmizləmə aksiyasını həyata keçirdilər. Belə ki, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 300 minədək azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 217 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir. Bununla yanaşı, bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.

Nəticədə 1988-1991-ci illərdə Ermənistan Azərbaycan ərazilərinin işğalını daha da genişləndirdi. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Ümumilikdə, qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən 514 nəfər azərbaycanlı qətlə yetirilmiş, 1318 nəfər yaralanmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü - Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi.

Qədim Xocalı ərazisi e.ə. XIV-VII əsrlərə (son tunc - ilk dəmir dövrü) aid Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələri ilə tanınmışdır. Xocalı şəhəri XVI - XVII əsrlərdə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində olmuşdur. Xocalı yaxınlığındakı Əsgəran qalası Qarabağ xanlığının banisi Pənahəli xanın dövründə inşa edilmişdir (1749-cu il). Xocalı rayonu şimalda və şimal-şərqdə Ağdam rayonu, şimal-qərbdə Kəlbəcər və qərbdə Laçın rayonları, cənubda Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə həmsərhəddir.

Qeyd etmək lazımdır ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.

Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kvadratkilometr) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi.

İyirmi səkkiz il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilmiş bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 155 nəfərin taleyi indiyə kimi naməlumdur.

Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.

Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.

Xocalı soyqırımı ilə bağlı yaradılmış istintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın keçmiş müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.

Sovet dövründə Dağlıq Qarabağda yerləşdirilmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş Vladimir Savelyevin məxfi arayışı xüsusi maraq kəsb edir. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə “Məxfi arayış”ını təqdim edib. O, son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərmişdir.

Arayışda bildirilir ki, ASALA 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış ASALA erməni terrorçu təşkilatının bir qrup üzvü - 26 nəfərlik dəstə, mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə təşrif gətirmişdi. Onlar başlı-başına buraxılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdilər. Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etmişdilər.

Polkovnik V.Savelyev tarixi arayışında daha sonra yazır: “Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı.

Arayışda qeyd edilir ki, Polkovnik Zarviqarov və başqa vəzifəli şəxslər isə ermənilərə cavab atəşini açan döyüş nöqtələrinin susdurulması barədə ordu və dairə komandanlığının rəsmi icazəsi ilə 366-cı alayın Xocalı istiqamətində gedən əməliyyatlarında ermənilərlə birləşdi. Nəticədə, bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələnmişdi. Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci motoatıcı batalyonun komandiri polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri Seyran Ohanyan və digər zabitlər Xankəndinin atəşə tutulmasında, 58 dinc azərbaycanlının öldürülməsində iştirak etmişdilər.

Bundan əlavə, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.

Bundan əlavə, Fransanın “Le Mond” qəzetində 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.

Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.

Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya genişmiqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.

Bütün bunlarla yanaşı, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer alıb. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapıb: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”.

Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında, hətta dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür”. “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır.

Qeyd etmək lazımdır ki, Xocalı soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməlidir. Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya etmiş, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir. Qeyd etmək lazımdır ki, Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı Sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub