Xocalı soyqırımı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin davamıdır
Bakı, 26 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir, dəhşətli qətliamın erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılır.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsini əks etdirən sərginin materialları ilə tanış olub.
Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat verib, faciənin səbəb və nəticələri haqqında danışıblar. Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb. Soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, xalqımıza qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilib. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Xocalı faciəsi qurbanlarının xatirəsinin xarici ölkələrdə də anıldığı, müxtəlif tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.
Tədbirdə ölkə rəhbərliyinin bu sahədəki ardıcıl və uğurlu fəaliyyəti nəticəsində Xocalı soyqırımının bütün beynəlxalq təşkılatlar və dünya dövlətləri tərəfindən tanınacağına, mənfur erməni xislətinin ifşa olunacağına qəti əminlik ifadə olunub.
Sonda Xocalı soyqırımına dair film nümayiş etdirilib.