XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR FRANSADA TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfir mətbuat konfransında çıxış edərək, ölkəmizin tarixindən danışmış, SSRİ-nin süqutundan sonra digər respublikalar kimi ilk illərdə ağır, çətin və qarışıq dir dövr yaşadığını xatırlatmışdır. Həmin vaxtlar bir çox problemlərlə üzləşmiş vətənimizin bu gün belə ağrısı, acısı hiss edilən, aktuallığını itirməyən daha bir problemlə - ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan E.Hüseynova bunun faciəli nəticələrindən, o cümlədən ərazilərimizin 20 faizinin işğal edilməsindən, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışmışdır.
Səfir Xocalı faciəsindən bəhs edərək, Ermənistan silahlı qüvvələrinin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ ərazisindəki bu kiçik şəhərdə dinc əhaliyə qarşı törətdikləri ağlasığmaz vəhşiliklər barədə məlumat vermiş, əsrin bu cinayətinə beynəlxalq səviyyədə hüquqi qiymət veriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Elan olunmamış müharibəyə, tariximizin qan yaddaşına çevrilmiş Xocalı soyqırımı kimi cinayətlərə baxmayaraq, ölkəmizin qarşılaşdığı problemləri müvəffəqiyyətlə aradan qaldırmaqla ictimai-siyasi sabitliyi bərqərar etməsi, iqtisadiyyatın inkişafı, demokratik və hüquqi dövlət quruculuğu sahələrindəki uğurlar haqqında danışan E. Hüseynova ümummilli liderimiz Prezident Heydər Əliyevin müdrik və məqsədyönlü siyasəti, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar nəticəsində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmiş, fikirlərini konkret statistik rəqəmlərlə əsaslandırmışdır. Azərbaycan diplomatı vurğulamışdır ki, Prezident İlham Əliyevin son Fərman və Sərəncamları ölkənin sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində perspektivlər açır. O bildirmişdir ki, xarici şirkətlərin, o cümlədən Fransa şirkətlərinin iştirakı ilə ölkəmizdə həyata keçirilən nəhəng layihələr, xüsusilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın yaxın gələcəkdə iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə imkan yaradacaqdır.
Axırda səfir jurnalistlərin suallarına cavab vermişdir.
Mətbuat Konfransının iştirakçılarına Xocalı faciəsinin 12-ci ildönümü ilə bağlı səfirliyin hazırladığı informasiya bülletenləri, broşürlər, ölkəmizin xəritəsi və son dövrlərdə ayrı-ayrı sahələr üzrə iqtisadi göstəriciləri əks etdirən məlumatlar paylanmışdır.
X X X
AZƏRBAYCANIN DAİMİ NÜMAYƏNDƏLİYİNDƏ
ANMA MƏRASİMİ
Strasburqda, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Azərbaycan icması nümayəndələrinin və Strasburqda təhsil alan tələbələrimizin iştirakı ilə keçirilmiş mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dua oxunmuşdur.
Sonra Prezident İlham Əliyevin Xocalı faciəsinin 12-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciəti oxunmuşdur.
Mərasimdə ermənilərin və onların havadarlarının son iki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin tarixindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu siyasətin davamı olmasından, Xocalıda ermənilərin törətdikləri vəhşiliklərdən danışılmış, ümummilli liderimiz Heydər Əliyevin “1948-1953-cü illlərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında”18 dekabr 1997-ci il və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanlarının dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində əhəmiyyəti vurğulanmışdır.
X X X
TƏLƏBƏLƏRİMİZ BU DƏFƏ DƏ FƏALLIQ GÖSTƏRMİŞLƏR
Fransada təhsil alan və Azərbaycan həqiqətlərinin bu ölkənin ictimaiyyətinə çatdırılmasında həmişə fəallıq göstərən tələbələrimizi birləşdirən Azərbaycanlı Tələbələr Assosiasiyası Xocalı faciəsinin 12-ci ildönümü münasibətilə fevralın 26-da Strasburqda müxtəlif tədbirlər keçirmişlər. Onlar hazırladıqları “26 fevral 1992-ci il. Xocalıda azərbaycanlılara qarşı soyqırımı”na dair məlumatın və soyqırımla bağlı fotoşəkillərin əks olunduğu vərəqələri şəhərin müvafiq yerlərində yapışdırmış, Avropa Şurasının iqamətgahının qarşısında paylamışlar.
Həmin gün iki məsciddə faciə qurbanlarının ruhuna duallar oxunmuş, buraya toplaşanlara bir gecənin icərisində Xocalı şəhərinin günahsız sakinlərinə qarşı amansızcasına divan tutmuş ermənilərin vəhşiliklərindən danışılmışdır.
Assosiasiyanın üzvləri Strasburqda yaşayan soydaşlarımızla birlikdə anma mərasimi də keçirmişlər. Mərasimdə Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrindən, Xocalı soyqırımından, nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə biganəliyindən söhbət açılmış, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmağın vacibliyi xüsusi vurğulanmışdır.