XOCALI SOYQIRIMI İNSANLIĞA QARŞI TÖRƏDİLMİŞ CİNAYƏTDİR
“Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi torpaqlarında təmizləmə və soyqırımı siyasətinə məruz qalan milyonlarla azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, dədə-baba yurdundan deportasiya olunmuşdur.
1988-ci ildən ölkəmizə qarşı başlanan erməni təcavüzü də həmin çirkin siyasətin zorakılıq yolu ilə davamıdır”.
Bəyanatda deyilir: “Düz 12 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları güclü hərbi texnikanın köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı soyqırımı törətdilər. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayına məxsus çoxsaylı ağır texnika şəhərə yeridilmiş, yaşayış evləri dağıdılmış və yandırılmışdır. Tamamilə əliyalın olan dinc əhali – uşaqlar, qadınlar, qocalar, əlillər amansız zülmə məruz qalmışlar.
Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın – Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlükdə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir.
Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Erməni qəsbkarların törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin əsl soyqırımı kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir”.
Bəyanatda daha sonra bildirilir: ”Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Prezident Heydər Əliyev ölkəmizin bu taleyüklü məsələsi ilə bağlı cəsarətli addımlar atmışdır. 2000-ci ilin sentyabrında BMT-də keçirilən Minilliyin zirvə görüşündə Heydər Əliyev cənablarının sülhməramlı fikirləri səslənmişdi: “Ermənistan-Azərbaycan münaqişəsini həll etmədən, regionda xaricdən təzyiq amillərinə son qoymadan bölgədə sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyil”.
Prezidentimiz İlham Əliyev hələ ölkəmizin Baş naziri olarkən BMT Baş Məclisinin 58-ci sessiyasında BMT-ni Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qalmamağa çağırmış, terrorla mübarizə aparan beynəlxalq birliyin bu məsələdə ikili standartlara yol verməsinə qətiyyətlə etirazını bildirmişdir. Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olmuşdur, Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlanması faktı AŞPA-nın rəsmi sənədlərində öz əksini tapmışdır”.
Bəyanat aşağıdakı fikirlərlə sona yetir: “Böyük ümidlə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə son qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, qaçqına və məcburi köçkünə çevrilmiş bir milyon soydaşımızın öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanıram.
Ümid edirəm ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ədalət tezliklə öz yerini tapacaq, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər”.